İSGƏNDƏR QALA'SINDA GÖRÜŞ
Tarix: 17-08-2016 11:31 | Müəllif:
admin | Baxılıb: 5179
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şəhid İsgəndər Aznaurov 60 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.
Dünən Gədəbəy dağlarında çiskin dumana baxmayaraq Müdafiə Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri, Gədəbəy rayonunda dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən "İsgəndər qala"sına qalxaraq, alınmaz qalanın müdafiəçiləri ilə görüşüblər.
Əvvəlcə qəhrəmanın xatirə lövhəsi qarşısına qızılgüllər qoyularaq, şəhidin xatirəsi hörmət və ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani türk oğlu, Azərbaycan qəhrəmanı topçu İsgəndərin həyat və döyüş yolu barədə ətraflı məlumat verib, Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası professor İzzət Rüstəmov hələ 1992-1993-cü illərdə bu dağlarda ahisqa türkü olan qəhrəmanla görüşlərini xatırlamış, millət vəkili, professor Xanhüseyn Kazımlı "İsgəndər qala"sının keşiyində duran oğullara qiymətli hədiyyələr bağışlayıb, Gədəbəy rayonun prokuroru Allahverdi Səfərov isə Azərbaycan Ordusunun gündən günə qüdrətlənməsini fəxrlə qeyd edib.
General-mayor Gəray Bağırov bu gündə Azərbaycan əsgərinin ata-babalarının qəhrəmanlıq ənənələrini uğurla davam etdirdiklərini bildirib. Qala müdafiəçilərinin adından çıxış edən müddətdən artıq həqiqi hərbi qulluqçusu çavuş Sakit Həsənov qonaqları əmin etdi ki, onlar bundan sonra da Vətən, Xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirəcək, İsgəndərlərin, Məzahirlərin qanları hopan bu qalanı mərdliklə qoruyacaqlar. Sonra Gəncə Qarnizonu Zabitlər Evinin hazırladığı " Türk oğlu, Azərbaycan qəhrəmanı " sənədli filmi nümayiş olunub.