info@veten-ugrunda.az
 
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "Ordumuz - qürurumuzdur" adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib
Tarix: 23-06-2018 11:09   |  Müəllif: admin |  Baxılıb: 1784

Gəncə Qarnizonu Zabitlər Evi və Xocavənd rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "Ordumuz - qürurumuzdur" adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Hərbi qulluqçuların və zirehli texnikanın təntənəli keçidi ilə hərbi-vətənpərvərlik tədbirinə başlanılıb.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordunun formalaşmasında xidmətlərindən danışıb.

Ordu korpusunun komandiri, general mayor Mais Bərxudarov Azərbaycan ordusunun 100 illiyi münasibətilə hərbi qulluqçulara təbriklərini çatdırıb. Tədbirdə birbaşa döyüş mövqeyində xidmət edən qəhrəman əsgər və zabitlərə, cəsur Qarabağ müharibəsi veteranlarına, 2016-cı ilin aprel döyüşlərinin qazilərinə, şəhid ailələrinə “Fəxri fərman” və xatirə hədiyyələri təqdim edilib. Silahlı Qüvvələrin əsgərlərinin Azərbaycan Ordusunun 100 illiyinə həsr etdikləri rəsmlər tədbir iştirakçılar tərəfindən maraqla izlənib. Xüsusi təyinatlı hərbiçilərin nümunəvi çıxışı alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan ordusunun zabiti, kapitan Azərin Tağıyevanın ifasında təqdim olunan mahnılar tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb. Tədbir atəşfəşanlıqla başa çatıb.