info@veten-ugrunda.az
 
Həzi Aslanov
Tarix: 09-09-2015 12:59   |  Müəllif: admin |  Baxılıb: 12176

Həzi AslanovHəzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında tağım komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o, Ukray¬na¬da xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O, öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf etdi, düşmən dəstələrini ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə "Qırmızı Ulduz ordeni"nə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklarla düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardı.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşununu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görüldü. O, daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o, Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general-mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası "Qımızı bayraq ordeni"nə, general özü isə ikinci dərəcəli "Suvorov ordeni"nə layiq görüldü.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı.

Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılıb ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur. Qəbri Bakıda Şəhidlər Xiyabanında yerləşir.

1944-cü ildə general-mayor H.Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılmışdır. 1969-cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış, 1983-cü il mayın 8-də Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli qoyulmuşdur.

Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır. Haqqında "General Həzi Aslanov" (1945), "General Aslanov" (1970), "Estafet" (1982), "Sizi dünyalar qədər sevirdim" (1985), "Dəmir atlı cəngavər" (2003) filmləri çəkilib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb