Əli ağa Şıxlinski
Tarix: 09-09-2015 12:21 | Müəllif:
admin | Baxılıb: 7810
Əli ağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəza¬sının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.
1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşdu. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırıldı.
Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. Beləcə, o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.
1914-cü ildə baş verən Birinci dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Əli ağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olundu.
1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əli ağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əli ağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. 1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əli ağa Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və yeni sovet hökuməti digərlərindən fərqli olaraq Əli ağa Şıxlinskiyə toxunmadı.
İlk dövrlərdə Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışdı. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başladı. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.
1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edildi. 1929-cu ildən istefaya çıxan general-leytenant Əli ağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən, Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.
Əli ağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.
Ömrünün sonlarına yaxın qələmə aldığı "Xatirələrim" adlı əsəri 1984-cü ildə Bakıda nəşr olunub. Haqqında "General" (1970), "Artilleriyanın "Allah"ı sayılırdı" (1996), "Mücadilə. Birinci hissə. İstiqlalın beşiyi" ( 2006) və "Sərkərdə ləyaqəti. General Əliağa Şıxlinski" ( 2011) filmləri çəkilib.