HƏSƏNOV ELDAR İSFƏNDİYAR oğlu
Tarix: 09-09-2015 19:46 | Müəllif:
admin | Baxılıb: 2713
26 dekabr 1965-ci ildə Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdur. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. 1986-cı ildə hərbi xidmətini başa vurub doğma kəndinə qayıtmışdır. Sürücü işləyirdi.
1988-ci il... Erməni faşizminin törətdiyi cinayətlər günbəgün artırdı. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır. O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Onun cəbhədə göstərdiyi hünər düşməni lərzəyə salmışdı. Laçın döyüşlərində o, öz məharəti ilə dəstəni mühasirədən itkisiz çıxarmışdı. Eldar Həsənov qurduğu planı qabaqcadan kimsəyə deməyi xoşlamırdı. Bəzən kəşfiyyata tək gedir, iki-üç əsirlə geri dönürdü. O, Azərbaycan torpaqlarını azad görmək istəyirdi. Elə buna görə də qətiyyən qorxu nə olduğunu bilmirdi. Düşmənə sarsıdıcı zərbələr vuran E.Həsənovun başına ermənilər 50 min ABŞ dolları məbləğində mükafat qoymuşdu.
1991-ci ildə Polis Akademiyasına daxil olmuşdu. 1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli bölgəsində ermənilərə qan udduran polis starşinası düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv etmişdi. Göstərdiyi qəhrəmanlıq dildən-dilə gəzirdi. Ermənilər onu daim izləyir, məqam düşəndə öldürməyə cəhd edirdilər. Nəhayət, 1994-cü ilin may ayının 12-i... Horadiz qəsəbəsi uğrunda ağır döyüşlər gedirdi. Eldar özünə xas olan igidliklə yenə də ön cərgədə vuruşurdu. Qəfil atılan mərmi cəsur döyüşçü - polis starşinası Eldar Həsonovun qəlbini əbədi olaraq susdurdu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
Cəlilabad Rayon Polis Şöbəsinin həyətində büstü qoyulmuşdur.