Rzayev Rövşən Abdulla oğlu
Tarix: 15-10-2015 17:01 | Müəllif:
vetenugrunda | Baxılıb: 5371
Rzayev Rövşən Abdulla oğlu 15 oktyabr 1969-cu ildə Qaradağ rayonunun Silahlı qəsəbəsində doğulub. 1986-cı ildə E.İsmayılov adına 253 saylı orta məktəbi bitirdikdən sonra Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə təhsilinin başa vurub, təyinatla Orta Asiya və Qazaxıstan üzrə daxili qoşunların tərkibində taqım komandiri kimi fəaliyyətə başlayır.
Resbublikamızın başını qara buludlar alanda o, vətənin çağırışına səs verərək Azərbaycana dönür. 1992-ci ilin fevralında 6500 saylı mühafizə alayının 6-cı bölüyünə komandir təyin edilir. Rövşən mart ayının ortalarından başlayraq tez-tez cəbhə bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak edir.
O, Ağdam rayonunun Paprəvənd, Pircamal, Aranzəmin, Şelli, Naxşıvanik kəndləri uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyə müvəffəq olur. Cəsur komandir 1992-ci ilin iyun ayında Naxçıvanik kəndində gedən döyüşlərdə ağır yaralanır. Lakin o, döyüş meydanını tərk etmir, mühasirəyə düşmüş bir neçə yaralı əsgəri xilas edir. O, bir müddət müalicə olunur. Komandanlıq Rövşənin cəsurluğunu, qorxmazlığını nəzərə alaraq, onu 1993-cü ilin mart ayında Ədliyyə Nazirliyinin 7535 saylı hərbi hissənin qərərgah rəisi vəzifəsinə təyin edir. 1994-cü ilin iyun ayında isə o, vaxtilə xidmət etdiyi alayın 4-cü taborunda qərargah rəisi olur.
Rövşən Rzayevin atdığı hər bir addım uğurla nəticələnir, adı dildən-dilə, eldən-elə gəzirdi. Təbii ki, onun bu uğurları komandanlığın da nəzərindən yayınmırdı.
19 yanvar 1996-cı il... O, 6500 saylı mühafizə alayanın 15-ci bölüyünə komandir təyin olunur. Bir müddət sonra, Ədliyyə Nazirliyi Məhkəmə Qərərlarının Baş İdarəsinin mühafizə alayında qərargah rəisi vəzifəsinə gəlir. Kapitan rütbəsinəcən yüksəlir. Son vaxtlarda isə o, Qobustan həbsxanasını mühafizə edən bölüyün komandiri idi.
8 yanvar 1999-cu ildə burada bir qrup məhbus qiyama qalxmışdı. Qiyamçılar öz əməllərini həyata keçirmək üçün bir neçə yaralı əsgəri girov götürmüşdü. Bu hadisəni eşidən bölük komandiri dərhal həbsxanaya yollanır və əsgərləri xilas etmək üçün qiyamçılarla danışığa girir. Yaralı əsgərlərin əvəzinə komandir girov qalmalı olur. Bu təhlükəli şərti qəbul edən Rövşən Rzayev ölümlə üz-üzə dayanaraq, əsgərlərin həyatını xilas edir. Polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerinə yetirərək qəhrəmancanına həlak olur.
Ailəlidir. İki övladı –bir qızı və bir oğlu yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sahil qəsəbəsində dəfn edilmişdir.
Sahil qəsəbəsində adına park var. Həmin parkda büstü qoyulmuşdur.