info@veten-ugrunda.az
 
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ ZİRVƏSİDİR
Tarix: 19-01-2017 11:47   |  Müəllif: admin |  Baxılıb: 2994

20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ ZİRVƏSİDİRErmənilərin Azərbaycanın Dağlıq Qarabağ ərazisinə durmadan soxulmaları, işğalçılıq və təhrikçilik hərəkətləri, azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınları və bu hadisələrə müxtəlif vasitələrlə şərait yaradan Moskva öz istəyinə artıq nail olurdu.

Belə ki, siyasiləşmiş insanların çoxu AXC-nin 1990-cı il yanvarın 6-7-də keçirilmiş konfransında yeni seçilmiş İdarə Heyətində üstünlük təşkil edən "liberallar"ın deyil, "radikallar"ın ardınca gedirdi. Yanvarın 12-də "radikallar" Milli Müdafiə Şurası təşkil etdilər. Məqsəd mövcud özünümüdafiə dəstələrini birləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrin hücumlarının qarşısını almaq idi.

Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq erməni talanları başlandı. 56 nəfər öldürüldü, 112 nəfər xəsarət aldı. Talançı dəstələrin azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli münaqişəyə qarışmamaq əmri almışdılar. Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə, məscidlərdə, hərbi hissələrdə sığınacaq tapdı. Talanların qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə yanvarın 15-də, demək olar ki, alınmışdı. MMŞ dəstələri şəhərə nəzarət edirdilər.

Bu hadisələrin nəticəsi olaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeritmişdi.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.

Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

H.Əliyev çıxışında qeyd etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini ifşa etdi və göstərdi ki, Vəzirov "bu yüksək vəzifədə olduğu müddətdə... Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır".

Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Heydər Əliyevin Moskvadakı tarixi çıxışının mətni, bütün maneələrə baxmayaraq, respublikada və dünyada geniş yayıldı. Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında onu bu ağır gündə "ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə" çağırdı. Təklənən, heç nəyə əli çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi bacarıqlı, nüfuzlu bir şəxsiyyətin onunla olduğunu, onu cəsarətlə müdafiə etdiyini gördü, ürəkləndi. Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22- də şəhidlər ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı...











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX