info@veten-ugrunda.az
 
Milli Qəhrəman: Əlif Lətif oğlu Hacıyev
Tarix: 24-06-2016 19:55   |  Müəllif: admin |  Baxılıb: 20681

Əlif Lətif oğlu Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulub. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidməti Minsk şəhərində keçib. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub. O, 1979-cu ildə həmin məktəbi bitirib, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən daha iyrənc niyyətlərə, "Xocalı əməliyyatı"na başlayır. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə.Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını narahat edirdi. Lakin Xocalını itirmək qorxusu paytaxtı bir an da olsun narahat etmirdi. Nəhayət, həmin faciə günü yetdi. 1992-ci ilin fevral ayının 25-də Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, yenə də paytaxtdan kömək gözlədi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında – Xocalı faciəsi zamanı şəhid oldu.

Əlif Hacıyev Şəhidlər xiyabanında dəfn edilib, ailəli idi, iki qız övladı vardı. Hal-hazırda Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX