info@veten-ugrunda.az
 
Zərdabda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib
Tarix: 17-12-2016 18:32   |  Müəllif: admin |  Baxılıb: 2379

Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir mütəşəkkil ordumuzun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini hörmət və ehtiramla yad ediblər. Sonra Şəhidlərin Xatirə parkı, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi, eləcə də aprel döyüşlərinin zərdablı şəhidi gizir Abdullazadə Nurlan Rasim oğlunun Böyük Dəkkə kəndindəki məzarı ziyarət olunub.

Heydər Əliyev Mərkəzində keçirilən hərbi vətənpərvərlik tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin ifası və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək bildirib ki, milli mətbuatımızın banisi Həsən Bəy Zərdabi kimi böyük mütəfəkkiri dünyaya bəxş edən bu diyarın insanları Vətənə, dövlətə, xalqa, ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sədaqət nümunəsi göstərmiş və bu gün də öz ənənələrinə sadiqdirlər. Yüzlərlə zərdablı Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş, İkinci Dünya müharibəsinin qələbə tarixinə unudulmaz qəhrəmanlıq səhifələri yazmışlar. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun, “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə təltif olunmuş Muradalı Heydərovun adları hərb tarixinə qızıl hərflərlə yazılmışdır.
Qarabağ uğrunda döyüşlərdə neçə-neçə zərdablı gənc Vətən qarşısında öz övladlıq borcunu şərəflə yerinə yetirmiş, 130-dan çox həmyerlimiz şəhidlik zirvəsinə ucalmışdır. Bu gün bütün qoşun növlərində Zərdab rayonunun yetirmələrini görmək olar. İldən-ilə hərb peşəsini seçənlərin, taleyini zabitlik peşəsinə bağlayanların sayı çoxalır. Son 2-3 il ərzində 1000-ə yaxın zərdablı əsgərliyini başa vurduqdan sonra yenidən orduya qayıtmış və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Silahlı Qüvvələrdə xidmətlərini davam etdirməkdədirlər.

Gənclərin ata və babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi, orduya hazırlanması, onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsi rayon rəhbərliyinin fəaliyyətində prioritetdir.

Məlum aprel döyüşlərində Zərdabdan olan onlarla əsgər və zabit də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə həmyerlilərinə başucalığı gətirmişlər.

İcra başçısı bütün xalqımız kimi hər bir zərdablının da hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bir daha nəzərə çatdırıb.

Ali Baş Komandanın cəbhə bölgələrinə səfərlərini əks etdirən video-çarxın nümayişindən sonra Lələtəpə uğrunda döyüşlərin iştirakçısı, Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani səhnəyə dəvət edilib. O, məzuniyyətdə olmasına baxmayaraq bu tədbirdə iştirakından qürur duyduğunu bildirib. Polkovnik A.Qurbani deyib: “Tədbirə çox gözəl bir ad seçmisiniz: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir”. Bu dəyərli sözlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məxsusdur. Bu, həqiqətən də belədir. Məhz Azərbaycan ordusu müdrik və qətiyyətli sərkərdəmizin – cənab İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə çaldı, düşmənin layiqli dərsini verdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi, minlərlə hektar torpaq Azərbaycan ordusunun tam nəzarətinə keçdi və sözün həqiqi mənasında, uzun illərdən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.

Polkovnik A.Qurbani Lələtəpə əməliyyatları barədə ətraflı məlumat verib, bir zərdablı zabitin həyat və döyüş yolu, Lələtəpə uğrunda döyüşlərdə xüsusi xidmətləri barədə danışıb.

Bildirib ki, Lələtəpə fatehlərindən biri olan Elşən 1973-cü ildə Zərdab şəhərində doğulub. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra Gürcüstana gedərək Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. İctimai-siyasi vəziyyət gərginləşdiyindən 6 ay sonra Azərbaycana qayıdıb və Bakı Ümumqoşun Komandirləri Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 3-cü kursda oxuyarkən bir qrup kursantla könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 45 gün Ağdam cəbhəsində, Qərvənd kəndi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib.

1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında əsl vətənpərvərlik nümunəsi göstərib. 1995-ci ildə Bakı-Moskva sürət qatarında axtarış zamanı partlayıcı qurğu aşkarladığına görə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın cəbhə bölgələrində xidmət edib. Taqım komandirliyindən briqadanın mühəndis xidməti rəisi vəzifəsinədək yüksəlib.

Diqqətə çatdırılıb ki, 2014-cü ildən yeni yaranmış əlahiddə istehkam taborunun komandiri olan polkovnik-leytenant Elşən Qarayev də müşahidələri nəticəsində hiss edirdi ki, düşmən mövqelərini möhkəmləndirir, texnika və canlı qüvvəsini ön xəttə yerləşdirir və düşmənin hücuma hazırlaşdığı məlum idi. Odur ki, Elşəngil də sakit durmamışdılar. Digər təmas xəttində olduğu kimi, Xocavənd, Ağcabədi, Beyləqan, Füzuli, Cəbrayıl istiqamətlərində də mühəndis-istehkam işinin möhkəmləndirilməsi geniş vüsət almışdı. Və bütün bu işlərə bilavasitə zərdablı zabit rəhbərlik edirdi. Yollar çəkilir, səngərlər qazılır, şəxsi heyət üçün sığınacaqlar tikilir, qurğular maskalanaraq döyüşə hazır vəziyyətə gətirilirdi. Maneələr zolağı təkmilləşdirilir, düşmənin mina sahələri dəqiqləşdirilir, tankların hərəkəti istiqamətində xəndəklər qazılır, təlimlər daha da səmərəli təşkil edilərək yeni gətirilmiş texnika və qurğular dəqiq öyrədilir, şəxsi heyətin hər an irimiqyaslı əks-hücuma hazır olması təbliğ edilirdi. Şəxsi heyətin döyüş ruhu çox yüksək idi.

Son günlər bütün cəbhə boyu düşmənin fəallaşdığını, hətta bir çox yaşayış məntəqələrinin atəşə məruz qaldığını mühəndis-istehkamçılar da yaxşı bilirdilər. Elşən Qarayevin taboru tapşırıq almışdı ki, nəyin bahasına olursa-olsun düşmənin silahlı təxribatının qarşısı alınmalı və öz qoşunlarımızın əks həmləsi üçün mühəndis-istehkam nöqteyi-nəzərindən istənilən anda tam dəstək verilməlidir.

Abdulla Qurbani Zərdabdan olan qəhrəman polkovnik-leytenant Elşən Qarayevi səhnəyə dəvət edir.

Tədbir iştirakçıları döyüşlərdə sağ ayağını itirmiş və bir neçə yara almış aprel döyüşlərinin qazisini, Lələtəpə fatehlərindən birini ayaq üstə alqışlarla qarşılayırlar. İgid zabit gül-çiçək yağışına qərq olur. Bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdığı “Lələtəpə fatehləri” qəhrəmanlıq odası ifa edilir.

Öz həmyerlilərini ürəkdən salamlayan, döyüşlər zamanı onlarla maraqlanan, doğmalarına, valideynlərinə daim mənəvi dayaq olan zərdablılara, rayon rəhbərliyinə minnətdarlığını bildirir və nəhayət ilk aprel gecəsini xatırlayaraq deyir: “O gecə sanki döyüşə deyil, toy-düyünə gedirdik. Heç kimdə qorxu hissi deyilən şey yox idi. Məqsədimiz düşmənin silahlı təxribatının qarşısını almaq, onu geri oturtmaq və strateji yüksəkliyi ələ keçirmək idi. Bilirdik ki, ölsək, yaralansaq xalqımız bizi yaşadacaq, xatirəmizi əziz tutacaq, adımızı əbədiləşdirəcək, ailəmizi diqqət və qayğıyla əhatə edəcəkdir. Təki Vətən sağ olsun!”

Aprel döyüşlərində göstərdiyi şəxsi şücaət və rəşadətə görə Prezident sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuş E.Qarayev aprel döyüşlərini xatırlayır və Qarabağ uğrunda döyüşlər başlayacaqsa, yenə də döyüş bölgəsində, qəhrəman döyüşçülərin sıralarında olacağına söz verir.

Vaxtilə igid zabitə dərs demiş Zərdab şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Solmaz Məmmədova, sinif yoldaşı Natiq Mehrəliyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov çıxış edərək Elşənin və bütün aprel döyüşlərinin iştirakçılarının qəhrəmanlıqlarından qürur duyduqlarını bildiriblər.

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarını ölkənin veteranlar ordusu adından salamlayıb və bir neçə gün öncə cəbhə bölgələrinə səfərlərinin təəssüratlarını danışıb. O, qeyd edib ki, bu gün Azərbaycan ordusu nəinki regionun, hətta dünyanın ən güclü orduları sırasındadır. Bütün hərbi hissələrdə, eləcə də cəbhə bölgələrində əsgəri xidmət üçün hər cür şərait yaradılıb, hərbçilərin döyüş ruhu, vətənpərvərlik hissi çox yüksəkdir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin cəbhə bölgələrinə səfərləri, hərbçilər qarşısında proqram əhəmiyyətli çıxışları, döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə mükafatlandırması ön səngərlərdəki əsgərlərin qələbə əzmini daha da artırıb və onlar istənilən anda aprel döyüşlərində qazanılan qələbəni təkrarlamağa hazırdırlar.

Lələtəpə uğrunda döyüşlərin fəal iştirakçılarından olan polkovnik-leytenant Elşən Nüsrət oğluna və aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış gizir Nurlan Rasim oğlunun ailəsinə Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim edilib. Eyni zamanda Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonda vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə həmin təşkilatın xüsusi mükafatlarına layiq görülüb.

“Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirinin sonunda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev müharibə şəraitində olan bir məmləkətdə bu kimi hərbi vətənpərvərlik tədbirlərinə böyük ehtiyac olduğunu, bu istiqamətdə bundan sonra da yeni-yeni tədbirlərin təşkil ediləcəyinə əminliyini bildirib, bütün xalqımız kimi zərdablıların da Ali Baş Komandanın əmrlərinə hər an müntəzir olduğunu bəyan edib.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX