info@veten-ugrunda.az
 
BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI CƏBHƏ BÖLGƏSİNDƏ OLUBLAR
Tarix: 30-11-2016 21:21   |  Müəllif: admin |  Baxılıb: 2375

BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI CƏBHƏ BÖLGƏSİNDƏ OLUBLARAzərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri yaxından iştirak edirlər.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup Böyük Vətən müharibəsi veteranı cəbhə bölgələrinə səfər edərək şəxsi heyətlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, problem və qayğıları ilə maraqlanıb, Vətən müdafiəçilərinə ağsaqqal öyüd-nəsihəti verib və işğal edilmiş torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi naminə onlara uğurlar arzulayıb.

Veteranlar hərbi hissə komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Onlara hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu, şəhid və qəhrəmanları haqqında ətraflı məlumat verilib.

Xalqımızın ümummilli lideri, müasir, mütəşəkkil ordumuzun baş memarı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbaninin müşayiəti ilə veteranlar Beyləqan rayonunun Birinci Şahsevən kəndinə gedərək Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyini ziyarət edib, 90 yaşlı bacısı ilə görüşüb və onun qəhrəman qardaşı haqqında xatirələrini dinləyiblər.
Döyüşçülərlə ilk görüş aprel döyüşləri zamanı düşmən tapdağından azad edilən Lələtəpə zirvəsində reallaşıb.

Zabit Rəşad Piriyev dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirən aprel döyüşləri və onun qəhrəmanları haqqında danışıb. Şəhidlərin xatirəsi yad edilib. Bir neçə gün əvvəl irimiqyaslı təlimlər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu zirvəyə gəlişi, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırması, döyüşçüləri mübarizəyə səsləyən qətiyyətli çıxışı və düşmənə tutarlı mesajları bir daha xatırlanıb.

Döyüşlərdə göstərdiyi şəxsi şücaətə görə hələ aprel ayında Prezidentin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, bir neçə gün öncə isə Prezidentin şəxsi hədiyyəsi ilə mükafatlandırılan əsgər İmran Remixanov hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildirib. Qeyd edib ki, yaşları 90-ı çoxdan ötmüş veteranları azad etdikləri strateji yüksəkliklərdə görməkdən böyük qürur duyur və aprel döyüşlərindəki Qələbəni hər an təzələməyə qadirdirlər.

Veteranlar təşkilatının sədr müavini polkovnik C.Xəlilov hər bir Azərbaycan vətəndaşının, eləcə də hər bir veteranın ordumuzun uğur və nailiyyətlərindən fərəhləndiyini, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olduqlarını diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyinə veteranlara göstərilən diqqət və qayğıya, bu kimi tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə respublika veteranlar ordusunun minnətdarlığını bildirib.

Xalqımız üçün, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmişə əziz və dəyərli olan insanların, bəşər üçün ən böyük fəlakət sayılan faşizm taunu ilə üz-üzə dayanıb mübarizə apararaq ölümün caynağından qurtulmuş veteranların keçdikləri şanlı döyüş yolundan söhbət açılıb.

97 yaşlı müharibə veteranı Bəkir Məmmədov, Berlinədək döyüş yolu keçmiş bombardmançı təyyarəçi Daməd Vəliyev çıxış edərək ön səngərdə Azərbaycan əsgəri ilə bir yerdə olduqlarını, Lələtəpə zirvəsinə qalxdıqlarını, həyatlarının ən xoş anı hesab edib və tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər yolumuzu gözləyən yurd yerlərimizdə qalib Azərbaycan əsgəri ilə görüşəcəklərinə əminliklərini bildiriblər.

Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim edilib.
Çay süfrəsi arxasında səmimi söhbət həm əsgərlərdə, həm də qonaqlarda xoş duyğular oyadıb. Xatirələr veteranları gənclik illərinə qaytarıb, əsgərlərimiz isə babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər.

Cəbrayıl, Füzuli, Xocavənd, Ağcabədi, Beyləqan rayonları istiqamətində Vətən, xalq və dövlət qarşısında əsgəri borclarını layiqincə yerinə yetirən Vətən müdafiəçiləri ilə biri-birindən maraqlı görüşlər keçirilib.

Veteranlar əsgərlərlə bir yerdə nahar edib, eyni yataqxanada gecələyib, onların təlimlərini izləyib, silah və hərbi texnikalarla tanış olub və cəbhə bölgəsindən xoş təəssüratlarla ayrılıblar











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX