info@veten-ugrunda.az
 
«Azərbaycan hər bİrimİzİn Vətənİdİr, hər kəs, hər bİr vətəndaş öz Vətənİnİn keşİyİndə durmalıdır. Başqa yol yoxdur. Başqa yol ola bİlməz». AZƏRBAYCAN XALQININ ÜMUMİLLİ LİDERİ - HEYDƏR ƏLİYEV
Tarix: 09-09-2015 13:05   |  Müəllif: admin |  Baxılıb: 3601

«Azərbaycan hər bİrimİzİn Vətənİdİr, hər kəs, hər bİr vətəndaş öz Vətənİnİn  keşİyİndə durmalıdır. Başqa yol yoxdur. Başqa yol ola bİlməz». AZƏRBAYCAN XALQININ ÜMUMİLLİ LİDERİ - HEYDƏR ƏLİYEVƏziz həmvətənlər, bacılar, qardaşlar, Azərbaycan Respublikasının vətəndaşları! Son günlər Ermənistanın Azərbaycana qarşı təcavüzünün güclənməsi, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə hücumlarının şiddətlənməsi ilə əlaqədar yaranmış vəziyyət məni bu gün axşam Azərbaycan televiziya studiyasına gəlməyə məcbur edibdir. Məqsədim yaranmış vəziyyət haqqında məlumat vermək və bu barədə bəzi fikirlərimi bəyan etməkdən ibarətdir.

Bildiyiniz kimi, Azərbaycan dövləti, onun rəhbərliyi Ermənistan ilə Azərbaycan arasında gedən müharibəyə son qoymağa və bunun üçün sülh danışıqları apararaq müəyyən saziş əldə etməyə çalışır. Bu sahədə biz böyük dövlətlərin təşəbbüslərini qəbul edir, beynəlxalq təşkilatların imkanlarından daim istifadə etməyə çalışırıq. Biz Ermənistan Respublikası ilə bilavasitə əlaqədar yaradıb, danışıqlar aparırıq. Son vaxtlarda Rusiya dövlətinin vasitəçilik təşəbbüsünü qəbul edib, Rusiya xarici işlər və müdafiə nazirliklərinin vasitəsilə Ermənistanla Azərbaycan arasında müəyyən saziş əldə olunmasına razılıq vermişik.

Mən son aylarda gedən proseslərin hamısını sizin yadınıza salıb, onları təhlil etmək fikrində deyiləm. Ancaq bəzi məqamları qeyd etmək istəyirəm. Məlumdur ki, hələ keçən il dekabr ayının 24-də Aşqabatda Müstəqil Dövlətlər Birliyinin toplantısında mən Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşüb ətraflı söhbət apardım və Azərbaycanla Ermənistan arasında gedən müharibəyə son qoyulması haqqında təkliflər irəli sürdüm. Bizim aramızda geniş fikir mübadiləsi oldu. O vaxt, yəni Müstəqil Dövlətlər Birliyinin toplantısında mən son illər Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş bəyanat verdim, müstəqil dövlətlərin başçılarını bu məsələyə müdaxilə etməyə çağırdım və bəyan etdim ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlər arasında müharibə qeyri-normal bir haldır. Ona görə də hər bir dövlət, onun başçısı bu məsələyə öz münasibətini bildirməlidir.

Sonra Rusiyanın Xarici İşlər Nazirliyi bu istiqamətdə fəaliyyətə başladı. Biz onların nümayəndəsini bir neçə dəfə qəbul etdik, ayrı-ayrı saziş layihələrinə baxdıq, öz ilk təkliflərimizi verdik və bəzi kompromislərə gedərək saziş əldə olunmasına çalışdıq. Ancaq bunlar da nəticə vermədi. Nəhayət, fevralın 18-də Moskvada Azərbaycanın, Ermənistanın və Rusiyanın müdafiə nazirləri görüşdülər, atəşin dayandırılması barədə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları aparılması haqqında protokol imzalandı. Bu addımı biz ona görə etdik ki, məsələnin məhz sülh yolu ilə həll olunmasına çalışmışıq və bu gün də çalışırıq. Həmin protokol əsasında martın 1- dən Qarabağ bölgəsində, bütün cəbhə bölgələrində Azərbaycanla Ermənistan arasında atəş dayandırılmalı, bundan sonra danışıqlar getməli Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməli idi. Danışıqlar nəticəsində biz sonra yeni böyük müqaviləyə yaxınlaşmalı idik.

Lakin Ermənistan tərəfi bu sazişi də pozdu, martın 2-dən başlayaraq bizim mövqelərə müntəzəm hücumlar etdi. Beləliklə, bu saziş də heç bir nəticə vermədi.

Martın 12-də Qazaxda Azərbaycan və Ermənistan respublikaları parlamentlərinin sədrləri görüşərək danışıqlar apardılar. Biz ümid edirdik ki, bu danışıqlar nəticə verəcəkdir. Ancaq Ermənistan tərəfi sonra bu danışıqlara riayət etmədi, Azərbaycanın ərazisinə, ordumuzun mövqelərinə hücumları yenə də davam etdirdi. Ermənistan silahlı qüvvələrinin bu hücumları demək olar ki, mart ayının axırınadək davam etmişdir.

Ancaq mən böyük bir məmnuniyyətlə, qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan ordusunun hissələri, bizim hərbi bölmələrimiz, döyüşçülərimiz bütün bu hücumların qarşısını almışlar. Ermənistan silahlı qüvvələri böyük itkilər vermiş və xüsusən ən çox hücum etdikləri Füzuli rayonunun ərazisində heç nəyə nail olmadan geri çəkilməyə məcbur olmuşlar.

Bütün bunlara baxmayaraq, biz yenə də sülh danışıqları aparılmasının tərəfdarı olmuşuq. Təxminən bir həftə bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi, səlahiyyətli səfir, Rusiya prezidentinin nümayəndəsi Vladimir Kazimirov Bakıda olmuş, bizimlə danışıqlar aparmış, bizə yeni bir saziş layihəsi təqdim etmişdir. Biz bu layihəyə baxıb birgə müzakirə edəndən sonra ona müəyyən təkliflərimizi verib, prinsip etibarilə belə bir sazişə imza atmağa meylli olduğumuzu bildirmişik - şübhəsiz ki, bizim təkliflərimiz, şərtlərimiz qəbul olunmaqla. Bundan sonra Vladimir Kazimirov Yerevanda olmalı, orada danışıqlar aparmalı idi. Biz də bunun nəticələrini gözləyirdik.

Ancaq bunların hamısına baxmayaraq, son günlər Ermənistan silahlı qüvvələri yenidən, bizim mövqelərə, Azərbaycanın ərazisinə hücumlara başlamışlar. Aprelin 10-da səhər tezdən Ermənistan silahlı birləşmələri böyük qüvvə ilə Goranboy və Tərtər rayonlarının ərazilərində güclü hücumlar etmiş, orada Gülüstan və Talış məntəqələrini ələ keçirməyə cəhd göstərmişlər. Qanlı döyüşlər getmiş, Azərbaycan ordusunun hissələri onlara layiqli cavab vermişlər. Hər iki tərəfdən itkilər olmuşdur. Erməni silahlı qüvvələri orada bir-iki yüksəkliyi ələ keçirsələr də, öz məqsədlərinə nail ola bilməmişlər. Dünən də, bu gün də həmin bölgədə döyüşlər gedir.

Dünən səhər tezdən Ermənistan hərbi hissələri Ağdərə və Ağdam istiqamətlərində güclü hücuma keçmişlər. Onlar Ağdərə bölgəsində Madagiz, Akop Kamari məntəqələrini ələ keçirməyə çalışmışlar. Dünən ermənilər Ağdam rayonunun ərazisində üç dəfə güclü hücum etmişlər. Hərbi hissələrimiz həmin istiqamətdə də erməni silahlı qüvvələrinə layiqli cavab vermişlər. Gözlədiyimiz kimi, döyüşlər bu gün də davam etmiş, ermənilər yeni qüvvə ilə həmin istiqamətlərdə, həmçinin Goranboy rayonu istiqamətində hücumları davam etdirmişlər.

Beləliklə, Ermənistanın təcavüzü yeni mərhələyə keçmişdir. Görünür, erməni silahlı qüvvələri atəşin dayandırılmasından istifadə edərək öz güclərini toplamış, Ermənistanın hər tərəfindən (mən bunu qətiyyətlə deyə bilərəm) bu bölgəyə qüvvələr gətirmişlər. Bu, bir daha göstərir ki, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir, qəsbkarlıq niyyətlərini həyata keçirməyə, Azərbaycanın yeni ərazilərini zəbt etməyə çalışır.

Azərbaycan vətəndaşlarına bildirmək istəyirəm ki, Milli Ordumuzun hissələri bütün bu bölgələrdə qanlı döyüşlər apararaq düşmənə güclü müqavimət göstərir, ona ağır zərbələr vurur, öz mövqelərini etibarlı müdafiə edirlər. Məsələn, dünən Ağdam istiqamətində güclü hücumların qarşısı alınmışdır. Orada 21 döyüşçümüz şəhid olmuş, 46 nəfər yaralanmışdır. Şəhid olanların 12 nəfəri Sumqayıt batalyonunun şəxsi heyətindəndir. Batalyon komandiri, iki il cəbhədə vuruşan, Ağdam rayonunun sakini Elmar Edilov dünən qəhrəmanlıqla həlak olmuşdur. Batalyon komandirinin müavini ağır yaralanmışdır. Lakin bütün bunlar ordu hissələrimizin iradəsini qırmamışdır və onlar bu gün də səhər tezdən Ermənistan silahlı qüvvələrinin hücumlarına cavab verirlər. Ağdərə bölgəsində təxminən 23-24 nəfər həlak olmuşdur. Goranboy bölgəsində də həlak olanlar, yaralananlar var. Mən bu gün Azərbaycan vətəndaşları qarşısında çıxış edərkən son günlərdə Vətəni qoruyaraq, torpaqlarımızın keşiyində dayanaraq, düşmənə layiqli cavab verərək qəhrəmanlıqla həlak olmuş övladlarımızın igidliyi önündə baş əyir, onların Vətən yolunda şəhid olmuş Azərbaycan övladlarının hamısının ailələrinə başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!

Son üç gün ərzində ordumuzun hərbi hissələri, qəhrəman döyüşçüləri torpaqlarımıza qarşı yenidən hücuma başlamış, Ermənistan silahlı qüvvələrinə böyük zərbələr vurmuşlar. Azərbaycan vətəndaşları bilməlidirlər ki, həmin bölgələrdə Ermənistan silahlı qüvvələrinin itkiləri bizimkindən bir neçə dəfə artıq olmuşdur. Bu, həm canlı qüvvəyə, həm də texnikaya aiddir. Məsələn, dünən Ağdam istiqamətində gedən döyüşlərdə ermənilərin 4 tankı, bir neçə piyada maşını, çoxlu canlı qüvvəsi məhv edilmişdir. Düşmən başqa bölgələrdə də çoxlu itkilərə məruz qalmışdır. Düşmənin canlı qüvvə sarıdan verdiyi itkilər arasında yüksək rütbəli zabitlər də vardır. Bu, bir daha göstərir ki, əsgər və zabitlərimiz Vətən yolunda şəhid olsalar da, düşmənə güclü zərbələr vurmuşlar.

Televiziya studiyasına gedərkən cəbhə bölgələri ilə yenə də əlaqə saxlamışam. Əsgərlərimiz, komandirlərimiz məni əmin etmişlər ki, mövqelərimizin müdafiəsində möhkəm dayanmışlar, düşməni geri oturdurlar və torpaqlarımızı əldən verməyəcəklər. Lakin görünür, bütün Ermənistan ərazisindən toplanmış və ciddi hazırlıq keçmiş erməni silahlı birləşmələri ilə döyüşlər hələ davam edəcəkdir.

Biz belə ağır günlər keçiririk. Bu, indiki şəraitimiz üçün artıq təbii hal olmuşdur. Altı ildir ki, Azərbaycan Respublikası, torpaqlarımız Ermənistan tərəfindən silahlı təcavüzə məruz qalmışdır. Mən çıxışımın əvvəlində də dedim ki, bizim əsas məqsədimiz müharibəyə son qoymaq və müharibədən sülh yolu ilə çıxmaqdır. Ancaq erməni silahlı qüvvələri, Ermənistanda olan təcavüzkar dairələr təəssüf ki, yola gəlmək istəmirlər. Onlar guya sülh danışıqlarının tərəfdarı olduqlarını bildirirlər. Ancaq əməli işə gələndə isə bu son üç gündə öz iç üzlərini bir daha açıb göstərdilər.

Mən torpaqlarımızı müdafiə edən döyüşçülərimizə, bütün cəbhə bölgələrində olan vətəndaşlarımızın hamısına səmimi salamlarımı göndərirəm. Torpaqlarımızın müdafiəsində möhkəm durduqlarına görə onlara minnətdarlığımı yetirirəm. Əmin olduğumu bildirirəm ki, onlar bundan sonra da torpaqlarımızı etibarlı müdafiə edəcək, erməni silahlı qüvvələrinə layiqli cavab verəcək, zərbələr endirəcək, düşmənin irəliləməsinə yol verməyəcəklər.

Eyni zamanda bu günlərin hadisələrinin təhlili bir daha göstərir ki, biz erməni təcavüzünə qarşı gücümüzü daha da möhkəmləndirməliyik. Ordu hissələri daha yaxşı təşkil olunmalıdır. Bildiyiniz kimi, aprel ayının 9-u və 10-da mən cəbhə bölgələrində, hərbi hissələrimizdə oldum, əsgərlərimiz, zabitlərimiz, komandirlərimizlə görüşdüm. Onların hamısı yaxşı əhval-ruhiyyə ilə torpaqlarımızın müdafiəsində durubdur. Ancaq eyni zamanda hiss etdim ki, ordumuzun çatışmayan cəhətləri də var. Ordumuz daha da möhkəmləndirilməli, daha yaxşı təşkil olunmalıdır. İndi gərək bütün əhali, Azərbaycanın bütün vətəndaşları, hər bir kəs ordunun möhkəmləndirilməsinə, onun daha da qüdrətli olmasına çalışsın. Son üç gündə baş vermiş hadisələr bir daha göstərir ki, bizim başqa yolumuz yoxdur.

Bu gün mən bütün Azərbaycan xalqına müraciət edirəm. Hamıya bildirmək istəyirəm ki, ölkəmizin təhlükə altında olduğunu gərək hamı dərk etsin. Gərək hər kəs ordumuzun, müdafiəmizin möhkəmlənməsi üçün öz payını versin. Bu baxımdan son vaxtlar orduya səfərbərliyin zəif getməsi məni çox narahat edir. Güman edirəm ki, bu, hər bir Azərbaycan vətəndaşını da narahat etməlidir. Son vaxtlar orduda fərarilərin sayı artmışdır. Fərarilik etmək, səfərbərlikdən yayınmaq xalqa, Vətənə xəyanət etmək deməkdir. Ona görə də fərarilik yoluna düşənlərə, səfərbərlikdən yayınanlara xəbərdarlıq edirəm, onları bir daha düz yola dəvət edirəm. Fərarilik edən, səfərbərlikdən yayınan gənclərin valideynlərinə, qohum-əqrəbasına müraciət edirəm. Bildirmək istəyirəm ki, onlar da öz övladlarının, qohum-əqrəbalarının fərariliyinə görə, səfərbərlikdən boyun qaçırdıqlarına görə məsuliyyət daşıyırlar.

Azərbaycan hər birimizin Vətənidir. Hər kəs, hər bir vətəndaş öz Vətəninin keşiyində durmalıdır. Əgər əsgər, zabit Vətənin keşiyində durursa, döyüşdə həlak olursa, cəbhə bölgəsinə gedə bilməyən vətəndaş öz iş yerində çalışmalı və döyüşməyə qadir olan övladını, qohum-qardaşını mütləq cəbhə bölgəsinə, orduda xidmətə göndərməlidir. Başqa yol yoxdur! Başqa yol ola bilməz! Mən bir daha Azərbaycan vətəndaşlarına, xalqımıza müraciət edərək deyirəm ki, gəlin hamımız əl-ələ verib Vətənin, ana torpağın müdafiəsinə qalxaq. Heç kəs güman etməsin ki, əgər erməni silahlı qüvvələri yenə də bir bəlkə də irəliləyəcəksə, bu, kiməsə xeyir gətirəcək. Bu, heç kəsə xeyir gətirməyəcək! Bu, Azərbaycan xalqına, respublikamıza, onun müstəqilliyinə bir zərbə olacaqdır. Heç kəs güman etməsin ki, o, bu məsuliyyətdən kənarda qalacaq, yaxud da ki, belə bir məğlubiyyətin sayəsində öz şəxsi məqsədlərinə nail olacaqdır. Yox, Allah onlara qənim olacaqdır.

Mən xalqımızın müdrikliyinə inanıram. Güman edirəm ki, haqq işimizin yolunda hər bir azərbaycanlı, hər bir vətəndaş ayağa qalxacaq, xalqa xəyanət edənlər isə bu yoldan çəkinəcəklər. Azərbaycan xalqı Vətənin müdafiəsinə qalxıb və ümidvaram ki, bundan sonra da bu müqəddəs işə xidmət edəcəkdir. Xalqımızı əmin edirəm ki, ordumuz, cəbhədə döyüşən əsgərlərimiz, zabitlərimiz torpaqlarımızı etibarlı müdafiə edir, erməni silahlı qüvvələrinin bu hücumları da dəf olunacaqdır.

Bununla əlaqədar olaraq mən son günlər yayılmış bəzi şayiələr haqqında da danışmaq istəyirəm. Bilirsiniz, bunlar şayiə olduğu üçün bəlkə də heç diqqətə layiq deyildir. Ancaq bəzən səfeh bir adam tərəfindən uydurulan şayiə təəssüf ki, cəmiyyətdə çaşqınlıq yaradır, adamları azdırır, ümumi işimizə zərər gətirir. Bu şayiələrin hamısı düşmənçilik məqsədi daşıyır və bunları yayanlar xalqımıza xəyanət edənlərdir. Qoy onlar bilsinlər ki, bu şayiələr heç bir nəticə verməyəcəkdir. Təəssüf ki, belə şayiələri yayanların arasında vəzifəli şəxslər də var. Mən onlara öz nifrətimi bildirirəm və güman edirəm ki, cəmiyyətimizin, xalqımızın əksəriyyəti də onlara nifrət edəcəkdir. Vətəndaşlarımızın hamısına çatdırmaq istəyirəm ki, heç kəs narahat olmasın. Torpaqlarımız etibarlı müdafiə edilir. Erməni silahlı qüvvələrinin hücumları dəf olunur və dəf olunacaqdır.

Son günlərdə baş vermiş hadisələrlə əlaqədar mən Dağlıq Qarabağda yaşayan, erməni millətindən olan Azərbaycan vətəndaşlarına da müraciət edirəm. Onlar Azərbaycan ərazisində yaşayırlar. Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Belə hesab edirəm ki, onların əksəriyyəti çox əziyyət çəkir. Son günlər, eləcə də bundan qabaqkı döyüşlərlə əsir götürülmüş erməni hərbçiləri ifadələr verirlər ki, onları cəbhə bölgələrinə zorla gətirirlər, məcbur edirlər ki, döyüşə girsinlər. Bizə dəqiq məlumdur ki, hətta onlar döyüşlərdə məğlub olaraq geri çəkilərkən onları arxadan atəşə tutur, silah gücünə döyüş meydanında saxlamağa çalışırlar.

Əsirlərin verdikləri məlumatlardan görünür ki, həm Dağlıq Qarabağın əhalisindən olan, həm də Ermənistanın bölgələrindən gələn əsgərlərin əksəriyyətini buraya məcburi gətirirlər. Məsələn, bu günlərdə Goranboy rayonunda əsir düşmüş erməni döyüşçü ifadə vermişdir ki, orada əsgərlərin əksəriyyəti həbsxanadan, azad olunmuş adamlardır. Bu məhbuslara orada deyiblər ki, gedin, əgər qarşınızda duran vəzifələri yerinə yetirsəniz, sizin cinayətləriniz bağışlanacaqdır.

Yerevandan, Leninakandan, Eçmiədzindən, Ermənistanın başqa bölgələrindən gələn şəxslər də onların buraya məcburi olaraq göndərildiklərini bildirirlər. Ancaq indi mən Dağlıq Qarabağla yaşayan ermənilərə - Azərbaycan vətəndaşlarına xüsusi olaraq müraciət edirəm. Altı ildir ki, siz də bəla içərisindəsiniz, əzab-əziyyətdəsiniz, nə qədər itkilər vermisiniz. Sizin də evləriniz, kəndləriniz dağılıb, yaşayışınız həddindən artıq çətinləşibdir. Sizə nə lazımdır? Bu döyüşlərdə siz də tələf olursunuz, itkilər verirsiniz. Nəyə nail olmusunuz? Altı ildir ki, təcavüzkar, millətçi dairələr sizi - Azərbaycan vətəndaşlarını, Dağlıq Qarabağ sakinlərini mənasız müharibəyə cəlb ediblər. Siz də, Dağlıq Qarabağda yaşamış azərbaycanlılar da, ətraf rayonlarla yaşamış və bu gün də yaşayan azərbaycanlılar da on illərlə dostluq, mehribanlıq şəraitində yaşamısınız. Siz, Dağlıq Qarabağda məskunlaşmış ermənilər 160 ildən artıqdır ki, orada yaşayırsınız. Bu müddətdə baş vermiş bəzi iğtişaşları kənara qoysaq, siz azərbaycanlılarla daim dostluq, mehribanlıq şəraitində yaşamısınız. nə üçün belə yaşayış sizin üçün münasib olmadı? Siz nə üçün bu müharibəyə, qan tökülməsinə, bu tələfatlara, dağıntılara üstünlük verldiniz? Nə üçün? Ayılın, bilin ki, bu müharibənin mənası yoxdur. Təcavüzkar dairələr öz niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan Respublikası öz torpaqlarını heç vəchlə əldən verməyəcəkdir. Hələ ki, kec deyil, ziyanın yarısından da qayıtmaq xeyirdir. Bu müharibədən əl çəkin. Bilin ki, biz sizi Azərbaycan vətəndaşları kimi gələcəkdə də qoruyacağıq. Sizin hüquqlarınız qorunacaqdır.

Sizə əmin-amanlıq vəziyyətində yaşamaq üçün lazımi şəraiti yaradacağıq. Mən eyni zamanda Ermənistai Respublikasının vətəndaşlarına, erməni xalqına, Ermənistanın rəhbərlərinə, prezident Levon Ter-Petrosyana, Ermənistanda fəaliyyət göstərən siyasi partiyalara, onların başçılarına müraciət edirəm və bildirmək istəyirəm ki, bu təcavüzkar siyasətin mənası yoxdur! Siz bundan əl çəkin! Sübut etməyə ehtiyac yoxdur ki, bu müharibə Ermənistanın təcavüzkar, millətçi dairələri tərəfindən başlanıbdır və Ermənistan xalqına heç bir xeyir gətirməyibdir. Ermənistan xalqı da, Ermənistan Respublikasının vətəndaşları da altı ildir ki, əzab-əziyyət içərisindədirlər. Bunlar nəyə lazımdır?

Mən Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanla dünən də, bu gün də telefonla danışmağa cəhd göstərdim. Ancaq danışmaq mümkün olmadı. Ona görə də televiziya vasitəsilə müraciət edirəm. Mən onu və Ermənistanın bütün rəhbərlərini öz xalqları qarşısında məsuliyyətə dəvət edirəm. Elə son döyüşlərlə Ermənistan silahlı qüvvələrinin bir neçə yüz əsgəri həlak olub, yaralanıb. Ermənistanın təcavüzkar dairələri, bu müharibəni davam etdirən dairələr həlak olmuş vətəndaşları qarşısında cavabdehdirlər. Onlar bu qanı tökürlər, ancaq bunun sonu yoxdur.

Mən tam səmimiyyətlə deyirəm ki, biz müharibəyə son qoymaq, bütün imkanlardan istifadə edib danışıqlar aparmaq istəyirik. Ancaq bir şərtlə - erməni təcavüzkarları, silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidirlər, respublikamızın ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin olunmalıdır. Mən bu son üç günün nəticələrini təhlil edərək bir daha bəyan edirəm ki, biz sülh mövqeyində dururuq. Ona görə yox ki, bu təcavüzlər, bu hücumlar bizi qorxudur, yox. Ona görə ki, biz qan tökülməsinin tərəfdarı deyilik. Dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Dünyaya məlumdur ki, torpaqlarımızın yüzdə iyirmi faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ona görə də biz ədalətli döyüşlər aparırıq, öz torpaqlarımızı, öz vətəndaşlarımızı, öz Vətənimizi qoruyuruq. Mən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Birləşmiş Millətlər Təşkilatına, BMT Təhlükəsizlik Şurasına müraciət edirəm. Təhlükəsizlik Şurasının daimi üzvləri - Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın, Rusiyanın, Çinin rəhbərlərinə müraciət edirəm və bəyan edirəm ki, onlar Ermənistan Respublikasının təcavüzkarlığının qarşısını almaq üçün təsirli tədbirlər görməlidirlər. Biz Rusiyanın vasitəçilik təşəbbüsünü qəbul etmişik, bu təşəbbüsdən faydalanmağa çalışmışıq. Ancaq neçə aydır danışıqlar getsə də, təəssüf ki, bir nəticə əldə olunmayıb.

Güman edirəm ki, Rusiya kimi böyük bir dövlət - həm Azərbaycanla, həm də Ermənistanla yaxın dostluq əlaqələri olan, dünya miqyasında böyük təsirə malik, Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlət bu bölgədə öz rolunu oynamalıdır.

Mən ATƏM təşkilatına, Minsk qrupunun üzvlərinə müraciət edirəm, onları daha çox fəallıq göstərməyə dəvət edirəm. Azərbaycanla qonşu olan dövlətlərə - Türkiyə Cümhuriyyətinə, İran İslam Cümhuriyyətinə, Gürcüstan Respublikasına müraciət edirəm. Hesab edirəm ki, onlar həm Azərbaycan ilə, həm də Ermənistan ilə qonşu olduqlarına görə bu münaqişədən kənarda qalmamalıdırlar, bu müharibəyə son qoymaq üçün öz imkanlarından daha yaxşı istifadə etməlidirlər. Bir məsələni də nəzərə çatdırmaq istəyirəm ki, erməni silahlı qüvvələrinin son üç gündə Azərbaycan torpağına, hərbi hissələrimizin mövqelərinə hücumları heç də təsadüfi baş verməmişdir. Təxminən bir ay bundan öncə ATƏM-in Minsk qrupunun yeni başçısı Yan Eliasson böyük bir heyətlə Azərbaycanda, Ermənistanda olmuş, danışıqlar aparmış, Minsk qrupunun fəaliyyətinin daha da güclənməsi haqqında bizə məlumatlar vermişdir.

Aprelin 11-də, yəni dünən Praqa şəhərində Minsk qrupunun Dağlıq Qarabağ problemi ilə əlaqədar iclası başlanmışdır. Məhz bu günlərdə, həmin iclasda Azərbaycan və Ermənistan nümayəndələrinin iştirak etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri belə güclü hücumlara keçmişlər. Bildiyiniz kimi, aprelin 14-15-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının görüşü keçiriləcək, mühüm məsələlər müzakirə olunacaqdır. Bu ərəfədə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücumları da yəqin ki, bir məqsəd daşıyır: ola bilər ki, bu hücumlarla Azərbaycana və onun rəhbərliyinə təsir göstərmək istəyirlər. Ancaq böyük səhv edirlər. Heç kəs bizə təsir edə bilməz! Biz Azərbaycan Respublikasının müstəqilliyini qorumuşuq və bundan sonra da qoruyacağıq. Biz müstəqilliyimizin keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Mən eyni zamanda MDB-nin üzvü olan dövlətin rəhbəri kimi, həmin birliyə daxil olan müstəqil dövlətlərin başçılarına müraciət edirəm. Bir daha bəyan

edirəm ki, Müstəqil Dövlətlər Birliyinin tərkibində olan dövlətlər arasında müharibənin getməsi qeyri-normal bir haldır. Müstəqil Dövlətlər Birliyində böyük xüsusi çəkisi olan Rusiya dövlətinə, onun başçılarına müraciət edirəm: Bu hadisələrə son qoymaq lazımdır. Rusiyanın bu məsələləri sülh yolu ilə həll etmək imkanları vardır. Zənn edirəm ki, onlar bu imkanlardan istifadə edəcəklər və etməlidirlər.

Güman edirəm ki, mənim bu müraciətlərim diqqətsiz qalmayacaq, dünya ictimaiyyəti tərəfindən düzgün qarşılanacaq, qəbul olunacaqdır. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, beynəlxalq normalara güvənərək bu gün televiziya və radio vasitəsilə öz fikirlərimi onlara çatdırıram.

Eyni zamanda respublikamızın daxili həyatına nəzər salaraq bir daha bütün Azərbaycan vətəndaşlarına, respublikamızda olan siyasi qüvvələrə müraciət edirəm. Bəyan etmək istəyirəm ki, respublikamızın bu ağır dövründə, çətin günündə hamı bir məqsədə qulluq etməlidir. Bu məqsəd Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək, onu ağır müharibə şəraitindən çıxarmaq və ölkəmizin ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Bu yolda hamı birləşməli, hamı bu yolla getməlidir. Əgər kimlərsə belə ağır şəraitdə fürsətdən istifadə edib öz mənfur niyyətlərinə çatmaq istəyirsə, qoy bilsinlər ki, buna nail ola bilməyəcəklər.

Mən Azərbaycan xalqının dəyanətinə, dözümünə, qəhrəmanlığına güvənirəm və əminəm ki, biz bütün bu sınaqlardan müvəffəqiyyətlə çıxacaq, torpaqlarımızı müdafiə edəcək və təcavüzkar qüvvələrin hamısına layiqli cavab verəcəyik. Döyüş bölgələrində olan əsgərlərimizə, zabitlərimizə bir daha müraciət edib deyirəm: Bilin ki, siz ana Vətəninizi, torpağınızı müdafiə edirsiniz, müqəddəs amallara xidmət göstərirsiniz. Sizin xidmətiniz xalq, cəmiyyət və dövlət tərəfindən daim qiymətləndiriləcəkdir.

Bu bəyanatlarımın bir hissəsi başqa dövlətlərə yönəldiyinə görə müraciətimin məzmununu qısaca rus dilində təkrar etmək istəyirəm, İstəyirəm ki, müraciət etdiyim dövlət nümayəndələri, Dövlət başçıları mənim fikirlərimi öz dilimdən eşitsinlər...

Əziz və hörmətli həmvətənlər! Bu gün həm böyük həyəcanla, həm də böyük ümidlə sizə müraciət edirəm. Ümidvaram ki, Azərbaycan xalqı bu ağır sınaqlardan çıxacaq, öz gücünü toplayacaqdır. Azərbaycan Respublikasının vətəndaşları milli həmrəylik, vətəndaş həmrəyliyi əsasında bütün bu çətinlikləri dəf edəcəklər. Əminəm ki, respublikamızın müdafiəsində, keşiyində dayanan Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz verdikləri sözə əməl edəcək, torpaqlarımızı etibarlı qoruyacaqlar. Sizə bugünkü müraciətim yalnız və yalnız Azərbaycan xalqını, respublikamızın vətəndaşlarını bir daha ayağa qaldırmaq məqsədi daşıyır. Başqa məqsəd yoxdur və heç bir narahatlıq üçün də əsas yoxdur. Mən Azərbaycan vətəndaşlarına güvənirəm və əminəm ki, hamımız birlikdə bu çətinliklərdən çıxacağıq.

Diqqətinizə görə sağ olun. Hamınıza yaxşı gələcək, xoş günlər diləyirəm.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX