info@veten-ugrunda.az
 
Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski
Tarix: 09-09-2015 12:53   |  Müəllif: admin |  Baxılıb: 2893

Hüseyn xan Kəlbəli xan oğlu NaxçıvanskiHüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski 28 iyul 1863-cü ildə Naxçıvanda anadan olub. Mənşəcə xan nəslindəndir. Müsəlman dininə mənsubdur. Zadəgan uşaqları üçün paj korpusunda oxuyub. Əlahəzrət çarın sarayındakı paj korpusuna 9 dekabr 1873-cü ildə qəbul edilib, 1 fevral 1877-ci ildə inter korpusda oxuyub, 10 yanvar 1883-cü ildə isə kamerpaja dəyişdirilib. Hüseyn xan Naxçıvanski 1883-cü ilin 12 avqustunda saray qvardiyasında süvari polkunun korneti olub. O, 30 avqust 1884-cü ildə pod¬poruçik, 30 avqust 1887-ci ildə isə poruçik rütbələrini alıb. 1890-cı ilin 8 noyabr tarixindən etibarən ona təltif edildiyi İranın IV dərəcəli “Şire-Xurşid” ordenini daşımağa icazə verilib. 8 iyun 1895-ci ildən sonra isə o, “Rumın ulduzu” ordeninin zabit xaçına layiq görülüb. 1894-cü ilin 17 aprelində ştab-rotmistri təyin olunan və hərbi təlimlərdə heyrətedici şücaətlər göstərən Hüseyn xan 30 avqust 1894-cü ildə III dərəcəli Müqəddəs Stanislav ordeni, 26 fevral 1896-cı ildə çar III Aleksandrın xatirəsinə hazırlanmış gümüş medalla təltif olunub. Həmin ilin 13 iyununda çar II Nikolayın tacqoyma mərasimində xüsusi olaraq hazırlanmış ikinci bir gümüş medal alıb. 1897-ci ilin 11 aprelində I ümumi siyahıyaalmada fəal iştirakına görə Hüseyn xan tünd tunc medalla, həmçinin, Avstriyanın III dərəcəli Dəmir Tac ordeni ilə təltif edilib. O, 6 may 1898-ci ildən rotmistr təyin edilir.

21 may 1898-ci ildə polk komandirinin təsərrüfat işləri üzrə köməkçisi təyin edilən Hüseyn xan Naxçıvanski bu vəzifədə həmin ilin 15 avqustundan 22 oktyabrınadək işləyir. 6 dekabr 1899-cu ildə Hüseyn xan III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir. O, 25 sentyabr – 6 noyabr 1900, 13 aprel – 4 may 1902 və 1 sentyabr – 1 oktyabr 1902-ci il tarixlərində İran şahının Rusiya ərazisində müşahidəçisi olub. 1901-ci ilin 17 fevralında ona İranın II dərəcəli “Şire-Xurşid” ordenini daşımağa icazə verilir. 1902-ci il 6 dekabrda Hüseyn xan II dərəcəli Müqəddəs Stanislav ordeni ilə mükafatlandırılır. Və az sonra, 12 aprel 1903-cü ildə ona polkovnik rütbəsi verilir. O, 1 yanvar 1904-cü ilədək alay komandirinin təsərrüfat işləri üzrə köməkçisi işləyir. Həmin ilin 15 yanvarında bu vəzifəyə təsdiqlənir. 23 fevral 1904-cü ildə Hüseyn xana İranın almazlarla bəzədilmiş ulduzlu “Şire-Xurşid” ordenini, hərbi xidmətlərinə görə Bolqarıstanın III dərəcəli, həmçinin, IV dərəcəli Müqəddəs Aleksandr ordenlərini təqdim edirlər. O, 1 mart 1904-cü ildə Qafqaz hərbi dairəsinə ezam edilir, həmin ilin 25 martında II Dağıstan süvari polkunun komandiri təyin edilir. 1904-cü ilin 25 dekabrından 1905-ci ilin 21 sentyabrınadək Qafqaz süvari briqadasının komandiri olur. 1905-ci ilin 24 noyabrında isə Nijeqorod 44-cü draqun alayının komandiri təyin edilir.

1904-cü ilin 13-22 avqust tarixləri arasında Laoyan ətrafında yaponlara qarşı döyüşlərdə fərqləndiyinə görə ona 3 noyabr 1904-cü il tarixdə II dərəcəli Müqəddəs Anna ordeni (qılıncla birlikdə), 1905-ci ilin 8 fevralında IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) verilir. Həmin ilin iyul və avqustunda yenə yaponlara qarşı döyüşlərdə cəsurluğuna görə Hüseyn xan 7 sentyabr 1905-ci ildə Müqəddəs Stanislav, 14 yanvar 1905-ci ildə Landunqon kəndinin yaxınlığında hücuma görə 17 dekabr 1905-ci ildə IV dərəcəli Müqəddəs Georgi, 6 yanvar 1906-cı ildə isə III dərəcəli Müqəddəs Vladimir ordenləri ilə mükafatlandırılıb.

21 mart 1906-cı ildə Rusiya imperatoruna təqdim edilmək üçün Qafqaz süvari briqadasından Sankt-Peterburqa gedən nümayəndə heyətinə Hüseyn Xan da seçilib.

8 aprel 1906-cı ildə figel-adyutant vəzifəsinə təyin edilən Hüseyn Xana 6 dekabr 1910-cu ildə birinci dərəcəli Müqəddəs Stanislav ordeni verilir. 18 aprel 1912-ci ildə çarın mühafizəsində qalmaqla süvari briqadanın birinci şöbəsinin rəisi təyin edilir.

6 dekabr 1913-cü ildə o, birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur. Əla xidmətinə görə ona general-leytenant rütbəsi verilir və ikinci süvari diviziyasının rəisi təyin edilir. 13 oktyabr 1914-cü ildə ikinci süvari korpusunun komandiri təyin edilən Hüseyn Xan həmin ilin 22 oktyabrında üçüncü dərəcəli Müqəddəs Georgi, 16 noyabr 1914-cü ildə ikinci dərəcəli Müqəddəs Vladimir ordeni (qılıncla birlikdə), 1 may 1915-ci ildə qılınclı Ağ Qartal mükafatlarını alır.

Hüseyn xan 1915-ci ilin 25 oktyabrında Qafqaz ordusu qoşunlarının baş komandanı böyük knyaz Nikolay Nikolayeviçin sərəncamına göndərilir. 23 yanvar 1916-cı ildə isə ona tam süvari rütbəsi verilir və 9 aprel 1916-cı ildə qvardiya süvari korpusunun komandiri təyin edilir.

Titulyar məsləhətçinin Sofiya Nikolayevna Herbel adlı dul qadınına evlənən Hüseyn xanın xidmət kitabçasında aşağıdakı övladları qeyd edilib.

Oğlu Nikolay 25 yanvar 1891-ci ildə, oğlu Georgi 29 dekabr 1899-cu ildə, qızı Tatyana isə 1893-cü ildə doğulub. Övladları pravoslavdırlar, arvadı isə lüteran evangelistdir. İrəvan quberniyasında ata-babadan qalma iki malikanəsi və Naxçıvan şəhərində evi var.

Hüseyn xanın Moskva arxivində saxlanılan xidmət kitabçasından məlum olur ki, o, çar Rusiyasında ən seçilmiş generallardan biri olub. Ömrünün axırınadək içdiyi hərbi anda sadiq qalıb. Hüseyn Xan fevral inqilabını qəbul etməyib. Təkcə general qraf Kellerlə o, verdikləri sözün üstündə durublar. Hətta, oktyabr çevrilişindən sonra da o, öz andına sadiq qaldı. Çarın ailəlikcə güllələnməsi belə bu cəsur, mərd Kəngərli balasını qorxutmayıb. O da babaları kimi ölümün gözünə dik baxmağı bacarıb.

Təəssüf ki, onun başına gələn sonrakı hadisələrdən xəbərsizik. Bir çox tədqiqatçılar Hüseyn xanın Peterburqdakı Aleksandr Nevski monastırında dəfn olunduğunu yazsalar da tarixi sənədlərdə bu, öz əksini tapmır.

Araşdırmaçı Musa Quliyev yazır ki, 2005-ci ilin sonunda Naxçıvana gələn rus alimi və qafqazşünası R.İvanov inqilabdan sonra Hüseyn xanın Finlandiyada yaşaması və orada vəfat etməsi haqqında xəbəri bildirib. Onun dediyinə görə bu barədə qəti sözü fin alimləri deyəcəklər.

Fransız alimi Jak Ferrand “Keçmiş Rusiya imperiyasında titullu zadəganlıq” əsərində Hüseyn xanın mühacirətdə yaşayan övladları haqqında da məlumat verib.

Musa Quliyev bir çox mənbələri araşdırarkən aşkar olub ki, Hüseyn xanın böyük oğlu Nikolay xan Naxçıvanski Rusiyada paj korpusunda təhsil alıb. Sonra saray qvardiyasında xidmət edib. 20 fevral 1912-ci ildə isə dünyasını dəyişib.

Qızı Tatyana ağır sürgün həyatı yaşayıb. 1972-ci ilin 3 mayında Parisdə vəfat edib.

Hüseyn xanın kiçik oğlu-Georgi 29 dekabr 1899-cu ildə Peterburqda doğulub. O da paj korpusunu bitirib və saray qvardiyasının zabiti olub. 1923-cü ildə Dağıstanda doğulan Mariya Vaçarla ilə ailə qurub. Sonralar bu Naxçıvanskilər nədənsə ərəb ölkələrinə köç ediblər. Georgi Livanda hörmətli şəxslərdən biri kimi tanınıb. Oğlu Nikitanın 12 iyul 1957-ci ildə Çikaqoda Georgi – Hüseyn Naxçıvanski adlı oğlu doğulub. Onun Vladimir-Pyer və xanım Sofiya adlı övladları var. Çox maraqlıdır ki, indiyədək Hüseyn xanın Amerikada və Fransada yaşayan nəsil davamçıları öz adlarının yanında “xan” və “xanım” titulunu da işlətməkdədirlər.

Bütün ömrünü qürbətdə yaşayıb Rusiya hərb elminin fəxri olan Hüseyn xan çox mahir bir hərbçi olub. Naxçıvandan uzaqda yaşasa da, doğma diyarını heç vaxt unutmayıb. Sənədlər göstərir ki, o, böyük qardaşları Rəhim və Cəfərqulu xanla daim əlaqə saxlayıb. Hətta, pul göndərərək bildirib ki, satılan torpaqları siz alın, imkan verməyin gəlmə ermənilər alsınlar.

Həyatı zəfər dolu olsa da, Hüseyn xan da faciələrdən qaça bilməyib. O da hərb sənətində Mirzə Kazımbəy taleyi yaşayıb. Doğma Naxçıvanda intizarını çəkənlərin yanına qayıda bilməyib. Varisləri də sürgünlərdə doğulub yaşayıblar. Amma, ata-babalarından yadigar Naxçıvanski soyadını yaşadıblar və yaşatmaqdadırlar.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX