info@veten-ugrunda.az
 
Səməd bəy Mehmandarov
Tarix: 09-09-2015 12:29   |  Müəllif: admin |  Baxılıb: 16631

Səməd bəy Mehmandarov1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olan Səməd Sadıqbəy oğlu Mehmandarov Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur.

1875-ci ilin dekabrında podporuçik rütbəsindəykən üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. Ardıcıl olaraq, 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor, Rus-Yapon müharibəsində böyük rəşadət göstərdiyinə görə 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.

1904-cu ildə rus-yapon muharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Və Port-Artur döyüşlərində dəyanətinə, komandirlik bacarığına gorə Şərq cəbhəsinin rəisi təyin edildi.

Əlağa Şıxlinskinin Port-Artur döyüşlərində Səməd bəy haqqında maraqlı bir xatirəsi onun döyüş əzminin sübutudur. Əliağa Şıxlinski yazır ki, qala (Port-Artur) top atəşinə tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli topdan otuz yeddi millimetrlik xırda dəniz topuna qədər muxtəlif toplarla atəşə tutulmuşdu. Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altıdüymə mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma yaralanmadı. Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlılıqla cibindən ağ dəsmalını çıxarıb, təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı.

I Dünya müharibəsi başlanarkən general Varşava ətrafında xidmət edirdi.Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Diviziya komandiri Mehmandarovun fitri istedadı ona Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazandırmağa müvəffəq olmuşdur.

1915-ci ildə general korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif olunmuşdu. 1917-ci il fevralında burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.

Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. O, mühazirəni rusca, Ə.Şıxlinski isə öz dilimizdə oxuyurmuş. Bu iki ayrılmaz dost hətta Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətini də yaradıbmış. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: "Mehmandarov nadir artilleriyaçıdır".

General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir. 1928-ci ildə general səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.

General-polkovnik həm də dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.

Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX