info@veten-ugrunda.az
 
İlham Əliyev: "Güclü dövlətin güclü ordusu olmalıdır"
Tarix: 09-09-2015 14:59   |  Müəllif: admin |  Baxılıb: 5630

İlham Əliyev: "Güclü dövlətin güclü ordusu olmalıdır"Azərbaycanın gücü onun birliyindədir. Azərbaycan müstəqil dövlət kimi böyük zirvələrə çata bilmişdir. Dünya miqyasında çox böyük nüfuza malikdir.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv olub və bu təşkilatda öz mövqeyini müdafiə edir: "Azərbaycan nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilmişdir və bizim xarici siyasətimizlə bağlı bütün təşəbbüslərimiz sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətləndirilibdir. Eyni zamanda, Azərbaycanda daxili sabitlik mövcuddur. Bu da inkişaf üçün başlıca amildir. Azərbaycanda xalqla iqtidar arasında birlik vardır. Bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda iqtisadi inkişafla bağlı çox böyük işlər aparılmışdır: "Beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi çox yüksək qiymətləndirirlər. Hətta böhranlı illərdə, hələ ki, dünyada bu illər davam edir, Azərbaycan inkişaf edir, iqtisadiyyatı inkişaf edir. İqtisadiyyatımızın bütün sahələri inkişaf edir. Bu ilin beş ayında qeyri-neft sektorumuz 11 faiz, ümumi iqtisadiyyat təxminən 5 faiz artmışdır. Azərbaycanda işsizlik problemi, yoxsulluq problemi aradan qaldırılır. Böyük infrastruktur layihələri icra edilir. O cümlədən, bütün hərbi şəhərciklər bərpa edilir. Qarşıya vəzifə qoyulmuşdur ki, növbəti iki il ərzində təmirsiz hərbi hissə, hərbi şəhərcik və hərbi baza olmasın. Müvafiq göstərişlər verilmişdir, vəsait ayrılmışdır və proses uğurla gedir. Yəni biz bütün istiqamətlər üzrə fəaliyyətimizi uğurla, inamla aparırıq. İnsanların rifah halı yaxşılaşır. Ölkənin nüfuzu artır. İqtisadiyyat, sənaye inkişaf edir və Azərbaycan çox dinamik şəkildə qabağa gedir. 20 ildən cəmi bir qədər çox müstəqillik yaşı olan Azərbaycan sübut edib ki, azad, müstəqil ölkə kimi yaşaya bilər, öz müstəqilliyini, öz seçimini qoruya bilər. Bizim güclü siyasi iradəmiz, güclü ordumuz var".

İlham Əliyev bildirib ki, ordu dövlətçiliyi qoruyur, seçimimizi qoruyur, bizi qoruyur, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır: "Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Hesab edirəm ki, Azərbaycan qısa bir müddət ərzində güclü dövlətlərin sırasına daxil edilibdir. Biz indi böyük layihələri icra edirik, həm Azərbaycana, həm də başqa ölkələrə böyük investisiyalar qoyuruq. Bir daha demək istəyirəm ki, biz beynəlxalq müstəvidə çox böyük nüfuza malikik. Əlbəttə ki, Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir".

Dövlət başçısı bildirib ki, Ali Baş Komandan kimi bundan sonra ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyini verəcək:

"Azərbaycan hərbi sahədə yerli istehsala da böyük diqqət göstərir. Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf etmişdir. Onlarla hərbi zavodumuz var. Bu zavodlarda 750 adda məhsul istehsal edilir. Biz bütün növ patronları istehsal edirik - tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr. Bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız var. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir, eyni zamanda bizim ixrac imkanlarımız da artmaqdadır. Bu onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər, təki iradə, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnikanı alırıq, eyni zamanda daxili istehsalı da gücləndiririk və gücləndirməliyik".

Prezident bildirib ki, hərbçilərin sosial müdafiəsi məsələləri uğurla öz həllini tapır: "Dünən Hərbi Hospitalın yeni korpusunun açılışında iştirak etmişdim. İki gün bundan əvvəl hərbçilərin maaşları qaldırılmışdır. Artıq 20 il qüsursuz xidmət etmiş hərbçilərin məişət problemləri də öz həllini tapmaqdadır. Bu kateqoriyadan olan hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Artıq 200-ə yaxın mənzil verilmişdir və bu proses gələcək illərdə daha da geniş vüsət alacaqdır. Yəni hərbçilərin məişət, sosial problemləri öz həllini tapmaqdadır. Azərbaycan dövləti, bir də demək istəyirəm ki, ordu quruculuğuna çox böyük əhəmiyyət verir. Bu, bizim başlıca vəzifəmizdir. Gələcək illərdə bu proses daha da sürətlə gedəcəkdir".

Dövlət başçısı əmindir ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla icra edəcək: "Bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə konkret siyasət var, proqram var və gözəl nəticələr var. Əminəm ki, münaqişənin həllində də biz istədiyimizə nail olacağıq. Biz tarixi ədaləti bərpa edəcəyik, öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur. Tarixin inkişafi, tarixin gedişatı, dünyada gedən proseslər, güclənən Azərbaycan, zəifləyən, yoxsullaşan Ermənistan - bütün bunlar reallıqdır. Bu reallıqları öz siyasətimizlə, öz iradəmizlə yaratmışıq. Ermənistanı bundan sonra da bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik. Azərbaycanı bundan sonra da gücləndirəcəyik. Güclü dövlətimiz bu münaqişənin həllində öz sözünü deyəcək. Azərbaycan ordusu bir daha demək istəyirəm ki, Ali Baş komandanın əmrini icra edəcəkdir. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!"










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX