info@veten-ugrunda.az
 
HƏSƏNOV MƏHƏMMƏD ƏLƏSGƏR oğlu
Tarix: 09-09-2015 19:48   |  Müəllif: admin |  Baxılıb: 1678

HƏSƏNOV MƏHƏMMƏD ƏLƏSGƏR oğlu
9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuşdur. 1966-cı ildə rayonun 3 saylı orta məktəbinə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə Murmanskda hərbi xidmətini başa çatdırdıqdan sonra Kiyev şəhərinə gəlir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə texnikumu bitirir və buradakı “Kommunist” zavodunda əmək fəaliyyətinə başlayır. 1987-ci ildə Vətənə qayıdır və vaxtilə oxuduğu 3 saylı orta məktəbə ibtidai hərbi hazırlıq müəllimi təyin edilir.
O, daim öz üzərində çalışır, təhsilini davam etdirmək barədə düşünürdü. Elə bu məqsədlə 1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil oldu.

Soydaşlarımızın doğma ata-baba yurdundan didərgin düşməsi, obalarımızın erməni işğalçıları tərəfindən talan edilib, yandırılması Məhəmmədin qəlbini düşmənə qarşı qəzəb hissi ilə alovlandırırdı. 1988-ci ildən başlayaraq Goranboy rayonu tez-tez erməni təcavüzünə məruz qalırdı. 1991-ci il... O, bölük komandiri təyin edilir. Bir qədər sonra 1 saylı ərazi özünümüdafiə batalyonunun komandiri olur. Döyüş yolu Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndlərindən keçir. Getdikcə mətinləşən batalyon, bir-birinin ardınca uğurlar qazanır. 14 iyun 1992-ci il... Keçmiş Şaumyan rayonu ərazisinin erməni faşistlərindən təmizləməsində bu batalyon böyük rəşadət göstərir. Ağdərə bölgəsinin geri alınmasında da bu batalyonun xidmətləri qürur doğurur.

Döyüşlərdə böyük şücaət göstərən cəsur komandir, 8 sentyabr 1992-ci ildə batalyon ləğv edildikdən sonra, öz fəaliyyətini 019 saylı hərbi hissədə davam etdirmişdir. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirmiş, 1994-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş müəllim vəzifəsində işləmişdir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdir.

2002-ci ildən Goranboy rayonunun Veysli kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.
Ailəlidir. İki qız, iki oğul atasıdır.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX