info@veten-ugrunda.az
 
HACIYEV ƏLİF LƏTİF oğlu
Tarix: 09-09-2015 19:28   |  Müəllif: admin |  Baxılıb: 3770

HACIYEV ƏLİF LƏTİF oğlu
24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-84-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. O, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdır.

Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən daha iyrənc niyyətlərə - “Xocalı əməliyyatı”na başladı. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə.Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını narahat edirdi. Lakin Xocalını itirmək qorxusu paytaxtı bir an da olsun narahat etmirdi. Nəhayət, həmin faciə günü yetdi. 1992-ci ilin fevral ayının 25-də Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, yenə də paytaxtdan kömək gözlədi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında - Xocalı faciəsi zamanı şəhid oldu.
Ailəli idi. İki qız övladı var.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX