info@veten-ugrunda.az
 
MİRZƏYEV ŞİRİN VƏLİ oğlu
Tarix: 09-09-2015 21:18   |  Müəllif: admin |  Baxılıb: 2970

MİRZƏYEV ŞİRİN VƏLİ oğlu
5 yanvar 1947-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. Burada Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra, 1967-ci ildə Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi Məktəbə daxil olmuşdur. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmış, təyinatla İrəvana göndərilmişdir. Beş il burada xidmət etdikdən sonra işini Bakıya dəyişmişdir. Ş.Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. O, Moskva Ali Siyasi Akademiyasına qəbul olmuş, 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, bütün varlığı ilə yurduna bağlı bir insan idi. Gündən-günə bərkiyən, püxtələşən və kamil bir zabitə çevrilən qeyrətli Vətən oğlu, içdiyi hərbi anda ömrü boyu sadiq qaldı, ən çətin anda ruhdan düşmədi, əqidəsinə arxa çevirmədi. 1991-ci ildə onu Ağdama gətirən də məhz Vətəninə, xalqına hədsiz sevgisi idi. Ş.Mirzəyev əla xidmətlərinə görə dəfələrlə medallar və döş nişanları ilə təltif edilmişdir. Rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir.

O, Qarabağ hadisələri başlayanda raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş etdi. O, ayrı-ayrılıqda fəaliyyət göstərən silahlı dəstələrin vahid komandanlıq altında birləşməsini istəyirdi. 9 oktyabr 1991-ci il tarixdə o, Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edildi. Cəsur komandir qısa müddət ərzində ətrafına güclü döyüşçü kontingenti topladı. Polkovnik-leytenant rütbəsinəcən yüksələn igid komandir torpaqlarımızın hər bir qarışının müdafiəsi üçün əsl qəhrəmanlıq nümunəsi göstərir, şərəfli hərbçi adını ləyaqətlə qoruyurdu.

1992-ci il iyun ayının əvvəllərində komandanlıq tərəfindən böyük bir hərbi əməliyyat planı hazırlandı. Qoşun hissələri eyni vaxtda 3 istiqamətdən hücuma keçib, düşməni geri oturtmalı idilər. Hücum əməliyyatını uğurla həyata keçirmək üçün güclü hərbi texnika, silah-sursat lazım idi. Taborun ixtiyarında olan döyüş vasitələri tələbatı ödəmirdi. Cəsur komandir bütün çətinliklərə baxmayaraq öz dəstəsilə Xaçınçay boyunca irəliləyib, ilk həmləylə Qazançı kəndini düşməndən azad etdi. İgid komandir əlavə plan hazırlayaraq, iyunun 12-də Sırxavənd kəndini nəzarət altına alır.
Polkovnik-leytenant Şirin Mirzəyev orduda baş verən haqsızlıqlara dözə bilmirdi. O, 1992-ci il iyunun 18-də Bakıya gəlib rəhbərliklə danışıq aparır və yenidən öz mövqeylərinə - Qaralar kəndinə yollanır. Lakin geri qayıdarkən mindiyi “UAZ” markalı maşın minaya düşür. O, iki yaxın qohumu ilə birlikdə həlak olur.

Ailəli idi. İki övladı - qızı, oğlu yadigar qalmışdır.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakının Nizami rayonunda adına küçə var. Xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX